10 mart 2023-cü il tarixində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə, Akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilmiş Beynəlxalq “Qlaukoma həftəsi” çərçivəsində “Qlaukomanın müasir diaqnostikası və müalicəsi” mövzusunda elmi-praktiki konfrans keçirildi.
Konfrans təşkilat komitəsinin üzvləri dr. Ceyhun Nəzərli, t.e.d. Hicran Namazova, t.ü.f.d. Mətanət Əfəndiyeva, t.ü.f.d. Yazgül Abdıyeva və moderatorlar t.e.d., prof. Kərimov Kərəm, t.e.d. Bağırov Nizami, t.ü.f.d. Əhmədova Aybəniz, t.ü.f.d. Həsənov Cəmil, t.ü.f.d. Qədimova Firəngiz, t.ü.f.d. Əfəndiyeva Mətanət, t.ü.f.d. Həsənova Nigar, dr. Pirmətov Məhərrəm tərəfindən həyata keçirildi.
Konfransda Türkiyədən, regionlardan, digər təşkilatlardan və Mərkəzdən həkim heyəti iştirak etdi.
T.ü.f.d. Həsənova Nigar “Pediatrik afakik qlaukoma”, dos. Gülizar Demirok “Glokomda cerrahi karar ve ameliyat sonrası hasta takibi”, t.ü.f.d. Axundova Lalə “Neovaskulyar qlaukomada pars plana vitrektomiya və pars plana Baerveldt implantasiyasının tətbiqi”, t.ü.f.d. Əfəndiyeva Mətanət “Oftalmohipertenziya. Diqqətdən kənar qalan nədir?”, dr. Əlihüseynli E.H.“Qlaukoma üzrə klinik halların təqdimatında interaktiv texnologiyaların tətbiqi”, dr. Ağayeva Pərvin “Birincili anadangəlmə qlaukomanın ağır formalarında gen mutasiyaları”, rezident Ağayeva Aynur “Postravmatik qlaukoma və oftalmohipertenziya”, rezident Ərəbov Emin “Bilateral spontan filtrasion yastığın əmələ gəlməsi”, dos. Mehmet Yakın “Üveitik glokom tedavisi”, t.ü.f.d. Məcidova Səbinə “Uveal qlaukoma zamanı neyroprotektor terapiyanın tətbiqi”, t.ü.f.d. Hacıyeva Bənövşə “Oftalmoloji yardımın III etapında qlaukoma diaqnozu ilə pasientlərin klinik xüsusiyyətləri”, t.ü.f.d. Sadıqova Nigar “Qlaukomanın erkən diaqnostikasının optimizasiyasına dair”, t.ü.f.d. Məmmədova Gülnarə “Cərrahi əməliyyat olunmuş qlaukomalı xəstələrdə “nidlingin effekti”, dr. İbrahimova Sona “Fakotrabekuloektomiya, trabekuloektomiya və iki etaplı trabekuloektomiya ilə fakoemulsifikasiya cərrahi əməliyyatlarının müqayisəli təhlili”, dr. Rüstəmbəyova Günay “Silikon yağı tamponadası zamanı yaranan ikincili qlaukomanın müalicə taktikası”, dr. Əhmədova Gülmin “İkincili qlaukomanın müalicəsində pupiloplastika” kimi mövzuları məruzə etdilər.
Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini t.ü.f.d. Yazgül Abdıyeva AzTV və Azərtac-a müsahibə verdi. Müsahibədə bildirdi ki, qlaukoma korluğa səbəb olan xəstəliklər arasında ikinci yerdədir.
Konfransın məqsədi qlaukomanın müasir diaqnostik təhlilindən, onun müalicəsindən danışmaq və yeni innovativ müalicə üsullarından bəhs etmək idi.
Konfransda mütəxəssislər tərəfindən öz təcrübələrində keçirilmiş maraqlı kliniki hallar məruzə edildi. Suallar və təkliflər səsləndirildi.