14.03.2025

12-13 mart 2025-ci il tarixlərində Səyyar Klinikanın vasitəsilə Cəbrayıl şəhərində əhali üçün oftalmoloji tibbi müayinələr keçirilib.

İşğaldan azad olunan ərazilərə ‘Böyük Qayıdış’ Proqramı çərçivəsində, Səhiyyə Nazirliyi və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşkilatçılığı ilə 12-13 mart 2025-ci il tarixlərində Səyyar Klinikanın vasitəsilə Cəbrayıl şəhərində əhali üçün oftalmoloji tibbi müayinələr keçirilib.
"Böyük Qayıdış" Proqramı çərçivəsində keçirilən ikigünlük aksiya zamanı 169 nəfər oftalmoloji müayinə olunub.
Müayinələr əsasında refraksiya patalogiyası, allergik konyunktivit, katarakta, diabetik retinopatiya, quru göz sindromu və s. diaqnozlar aşkar olundu.
Aksiyanın əsas məqsədi əhalinin görmə sağlamlığını qorumaq və erkən diaqnoz qoymaqdır. Bu təşəbbüs çərçivəsində, yerində həyata keçirilən müayinələr sayəsində insanların görmə problemləri erkən mərhələlərdə müəyyən ediləcək və beləliklə, vaxtında müdaxilə edilərək ciddi xəstəliklərin qarşısı alınacaq. Eyni zamanda, insanların göz sağlamlığını qorumaq, görmə itkisinə səbəb olan xəstəlikləri önləmək və bu sahədə maarifləndirmə işlərini artırmaq da aksiya məqsədləri arasında yer alır.
Aksiyada iştirak edənlərə yüksək keyfiyyətli tibbi xidmət göstərilib və onların sağlamlıqlarını bərpa etmək üçün ən müasir avadanlıqlardan istifadə olunub. Bu təşəbbüs, həmçinin bölgələrdə əhalinin göz sağlamlığını qorumağa yönəlmiş uzunmüddətli hədəfləri dəstəkləyir və ümumi sağlamlıq səviyyəsinin yüksəlməsinə töhfə verir.
Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri dr. Lamiyə Həsənzadə, dr. Cəmilə Səmədova və Əzizə Əmirova tərəfindən həyata keçirildi.
Aksiyada Səyyar Klinikanın baş həkimi dr. Həsənov Elçin, mühəndis Hüseynov Tural və Səyyar Klinikanın sürücüləri Nəsirov Vasif və Məmmədov Vüsal iştirak etdilər.