14.03.2025

6-7 mart 2025-ci il tarixlərində Avtomobil Səyyar Klinikası Azərbaycan Tibb Universitetində tibbi aksiya həyata keçirib.

6-7 mart 2025-ci il tarixlərində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası Azərbaycan Tibb Universitetində növbəti tibbi aksiyasını həyata keçirib.
İki gün davam edən aksiya çərçivəsində 237 nəfərə qədər pasiyent müayinə olunub. Müayinələr əsasında refraksiya patologiyası, miopiya, quru göz sindromu və digər oftalmoloji xəstəliklər aşkar edilib.
Aksiyanın əsas məqsədi pasiyentlərin sağlamlıq problemlərini erkən aşkar etmək, mümkün ağırlaşmaların qarşısını almaq və onların vaxtında müalicəsinə dəstək olmaqdır. Bununla yanaşı, oftalmoloji problemlərin ilkin mərhələdə müəyyən edilməsi, müalicəyə vaxtında başlanılması və uzunmüddətli fəsadların qarşısının alınması üçün əhəmiyyətli imkanlar yaradılır. Aksiya çərçivəsində həyata keçirilən müayinələr nəticəsində refraksiya anomaliyaları, göz daxili təzyiq dəyişiklikləri və digər ciddi oftalmoloji xəstəliklər erkən mərhələdə müəyyən edilərək müvafiq müalicə tədbirləri görülüb. Bu yanaşma, görmə qabiliyyətinin qorunması, insanların həyat keyfiyyətinin yüksəldilməsi və gələcəkdə daha mürəkkəb müalicə və əməliyyatların qarşısının alınması baxımından mühüm rol oynayır.
Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri dr. Nərgiz Əhmədova, dr. Əliyeva Tərlan, dr. Emin Ərəbov və rezident Nərgiz Vəlizadə tərəfindən həyata keçirilib.
Həmçinin aksiyada “Elmi-məlumat, tədris və təşkilati-metodik” bölməsinin müdiri, t.e.d. Yazgül Abdıyeva, Səyyar Klinikanın baş həkimi dr. Elçin Həsənov, mühəndis Tural Hüseynov, təşkilat şöbəsinin əməkdaşı Züleyxa Yusifova iştirak ediblər.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən 2005-ci ildən avtomobil səyyar klinikası, 2018-ci ildən isə dəmiryolu səyyar klinikası vasitəsilə paytaxtda və respublikanın müxtəlif bölgələrində əhaliyə təmənnasız oftalmoloji və cərrahi xidmətlər göstərilir. Səyyar Klinikanın fəaliyyəti regionlarla məhdudlaşmır, eyni zamanda respublikanın bir çox ali təhsil müəssisələrində də həyata keçirilir. Səyyar Klinikada xaricdə ixtisaslaşmış təcrübəli həkim-oftalmoloqlar pasiyentlər üçün geniş spektrdə müayinələr, diaqnostika və müalicə tədbirləri həyata keçirir, eyni zamanda ehtiyac olduqda cərrahi əməliyyatlar da icra olunur.
Bu təşəbbüs, əhalinin görmə sağlamlığının qorunması istiqamətində atılan mühüm addımlardan biri olmaqla yanaşı, səhiyyənin əlçatanlığını artırmaq və sağlam gələcək naminə bu cür tədbirlərin gücləndirilməsinə töhfə vermək məqsədi daşıyır.