29.04.2022

Akademik Zərifə Əliyevanın 99 illiyinə həsr olunmuş “Oftalmologiyanın aktual məsələləri” mövzusunda Beynəlxalq Elmi-praktiki konfrans keçirildi.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyevanın adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təşəbbüsü ilə 28 aprel 2022-ci il tarixdə Akademik Zərifə Əliyevanın anadan olmasının 99 illiyinə həsr edilmiş “Oftalmologiyanın aktual məsələləri” adlı elmi konfrans keçirildi.
Konfransı giriş sözü ilə Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, professor Elmar Qasımov açdı. O, görkəmli oftalmoloq alim, ictimai xadim, Akademik Zərifə Əliyevanın elmi yaradıcılığından, onun oftalmologiya sahəsinə verdiyi töhfələrdən, oftalmologiya elminin inkişafında müstəsna xidmətlərindən söz açdı. Daha sonra Akad. Zərifə Əliyeva adına MOM-un elmi işlər üzrə direktor müavini, t.e.d. Hicran Namazova Zərifə xanım Əliyevanın elmi yaradıcılığından bəhs etdi. 
Konfransın keçirilməsində məqsəd oftalmologiyada baş verən yeniliklərin, oftalmologiyanın aktual məsələlərini müzakirə etmək idi. 
Konfransda Akademik Zərifə Əliyeva  adına Milli Oftalmologiya Mərkəzindən, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutundan, Azərbaycan Tibb Universitetinin Göz Xəstəlikləri Kafedrasından, digər özəl və dövlət təşkilatlarından, regionlardan professorlar və gənc oftalmoloqlar iştirak etdi. 
Konfransda həmçinin Türkiyədən - TCOD Onursal Başkanı Dr. Sunay Duman, Prof.Dr. Süleyman Kaynak və digər mütəxəssislər çıxış etdilər.
Zərifə xanım Əliyevanın zəngin elmi irsi Azərbaycan oftalmologiyasına mühüm töhfələr verib. Onun bu irsinə sadiq qalaraq Azərbaycan oftalmologiyası inkişaf edib və bu yolda irəliləməyə davam edir.
Konfransda müasir oftalmologiyanın aktual olan problemlərinə həsr olunan məruzələr dinlənildi. Konfransda t.ü.f.d. Həsənova Nigar, t.ü.f.d. Məcidova Səbinə, t.ü.f.d. Axundova Lalə, Dr. Əkbərova Aysel, Dr. Əliyeva Gülnar, Dr. Həsənova Rəvanə, t.ü.f.d. Məhərəmov Polad, t.ü.f.d. Əfəndiyeva Mətanət, Dr. Carullazadə İmran, Dr. Pirmətov Məhərrəm, t.ü.f.d. Əliyev Xalid, Dr. Nuriyeva Nuranə, Dr. Sayılova Günel, Dr. Feyziyeva Könül, Dr. Ağayeva Aynur, Dr. Ramazanova Xuraman çıxış etdilər.