12.10.2023

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Özbəkistan-Azərbaycan Səhiyyə Dekadası” çərçivəsində Daşkənddə Özbəkistan-Azərbaycan səhiyyə forumu keçirilib

11 oktyabr 2023-cü il tarixində Daşkənddə Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan və Özbəkistan səhiyyə nazirliklərinin təşkilatçılığı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Özbəkistan-Azərbaycan Səhiyyə Dekadası" çərçivəsində Özbəkistan-Azərbaycan səhiyyə forumu keçirilib.

Forumun keçirilməsində əsas məqsəd hər iki ölkənin səhiyyə və tibb elmi sahəsində əldə olunan nailiyyətlər, tətbiq edilən innovasiyalar, səhiyyənin rəqəmsallaşdırılması, əhalinin sağlamlığının qorunması sahəsində görülən işlərin müzakirəsi və iki ölkənin həkim mütəxəssisləri arasında təcrübə mübadiləsi aparmaqdır.

Forumda hər iki ölkənin səhiyyə nazirliklərinin, Özbəkistanın aidiyyəti dövlət qurumlarının, tibb təhsil ocaqlarının nümayəndələri, Azərbaycanın Özbəkistandakı Fövqəladə və səlahiyyətli səfiri, alimlər və həkimlər iştirak ediblər.

Tədbirin sonunda Özbəkistan Respublikasında səhiyyənin inkişafında mühüm xidmətlər göstərən, "Özbəkistan-Azərbaycan Səhiyyə Dekadası" çərçivəsində cərrahiyə əməliyyatları, tibbi müayinə və müalicələr aparan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin həkim mütəxəssislərinin və tədbir təşkilatçılarının mükafatlandırılması mərasimi keçirilib. Bu zaman ağır dərəcəli hallar daxil olmaqla ümumi 50 əməliyyat və 186 müayinəni uğurla həyata keçirən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin oftalmoloq-cərrahları dr. Pirmətov Məhərrəm və dr. Rəcəbli Rövşən göstərdikləri xidmətlərə görə təşəkkürnamə ilə təltif ediliblər.