18.08.2020

Beynəlxalq Oftalmologiya Şurasından Azərbaycan Oftalmoloqlar Cəmiyyətinə təbrik!

Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin (AOC) Beynəlxalq Oftalmologiya Şurasına  (İnternational Council of Ophthalmology-ICO) üzv olması münasibətilə şuranın ICO-İnsight elektron dərgisinin avqust nömrəsində təbrik məktubu dərc edilib. Bu münasibətlə Azərbaycanda müasir oftalmologiyanın inkişafına əvəzsiz tövhələr verən, oftalmologiya elminin və yerli mütəxəssislərin peşəkar inkişafına dəstək olan, gənc mütəxəssislərin yetişməsinə şərait yaradan AOC-un sədri Prof. Elmar Qasımovu, cəmiyyətin ICO-ya üzv olması istiqamətində böyük əmək sərf etmiş Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri, t.e.d. Rəna Ağayevanı, AOC-un inkişafı və oftalmoloqlarımızın cəmiyyətin fəaliyyətinə inteqrasiyası naminə çalışan AOC-un sədr müavini, t.ü.f.d. Yazgül Abdıyevanı, AOC-un baş katibi, t.ü.f.d. Fidan Ağayevanı AOC-un idarə heyətinin üzvlərini və ölkəmizin oftalmoloqlarını təbrik edirik!

Təbrik məktubunda deyilir:

ICO (İnternational Council of Ophthalmology) Azərbaycan Oftalmoloqlar Cəmiyyətini şuraya yeni üzv seçilməsi münasibəti ilə təbrik edir.
ICO Azərbaycan Oftalmoloqlar Cəmiyyətini (AOC) səmimi qəlbdən təbrik edir. Cəmiyyət ilk olaraq 1920-ci ildə qurulmuş, 2017-ci ildə isə müstəqil və peşəkar milli təşkilat olaraq yenidən fəaliyyətə başlamışdır. AOC-un hazırkı sədri professor Elmar Qasımovdur. Təşkilatın sədr müavini, t.ü.f.d. Yazgül Abdıyeva, baş katibi isə t.ü.f.d. Fidan Ağayevadır.
AOC-un məqsədi ictimai və dövlət səhiyyə proqramlarında oftalmoloqların fəaliyyətini stimullaşdırmaq, eyni zamanda Azərbaycanda yoxsul və aztəminatlı əhaliyə yardım göstərməkdən ibarətdir. AOC-un beynəlxalq oftalmoloji ictimaiyyətə inteqrasiyasını həyata keçirmək və Azərbaycan oftalmoloqlarının fəaliyyətini təşviq etmək üçün Prof. Qasımov AOC üzvləri ilə birgə fəaliyyət göstərir.
AOC gənc oftalmoloqların inkişafı istiqamətində müxtəlif tədris proqramları, wetlab kursları, həmçinin ildə bir dəfə Gənc Oftalmoloqların Konfransını keçirir, ildə dörd dəfə müxtəlif regional konfranslardan əlavə, hər il akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş konqres təşkil olunur.

“Azərbaycan Oftalmoloqlar Cəmiyyətini ICO (Beynəlxalq Oftalmologiya Şurası) ailəsinə üzv olması münasibəti ilə təbrik edir və salamlayırıq. AOC Azərbaycan oftalmoloqları arasında zəngin liderlik tarixinə malik cəmiyyətdir.  ICO olaraq AOC-nin layihələrini dəstəkləməyə və cəmiyyətin zəngin təcrübəsini dünya ilə bölüşərək, birgə əməkdaşlığa ümid edirik "deyə, Beynəlxalq Oftalmologiya Şurasının Prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən Prof. Neeru Gupta qeyd edib.