Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar klinikası tərəfindən Gədəbəy rayonunda şəhid və qazi ailələri üçün tibbi xidmət göstərilib.
Yüksəkixtisaslı oftalmoloji yardım göstərmək üçün müasir diaqnostik avadanlıqlarla təchiz olunan səyyar avtomobildə klinikanın həkimləri iyulun 15-16-da 134 nəfərin müayinəsini aparıb, müalicələr təyin edib və məsləhətlər veriblər.
Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar klinikası Gədəbəydə iki gün ərzində vətəndaşlara tibbi xidmət göstərib. Səyyar klinikada təcrübəli, xaricdə ixtisas keçmiş həkim-oftolmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsini həyata keçiriblər. Cərrahiyyə əməliyyatına ehtiyacı olan şəxslər isə paytaxta göndərilib.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsində Gədəbəy rayonundan 820 nəfər iştirak edib. Onlardan 39-u qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb. Ümumilikdə Gədəbəy rayonu Qarabağ müharibələrində 165 şəhid verib və 166 qazisi var.