15.04.2020

15 aprel görkəmli oftalmoloq, əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın əbədiyyətə qovuşmasından 35 il ötür.

Zərifə Əziz qızı Əliyeva 1923-cü ildə Naxçıvan MSSR Şərur rayonu Şahtaxtı kəndində anadan olub. N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri vəzifələrində çalışıb.

Z.Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri vardır. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. 

Bakıda Göz xəstəlikləri İnstitutu, Naxçıvan şəhər poliklinikası onun adını daşıyır. Bakının Binəqədi rayonu ərazisində adına istirahət parkı salınıb. Bakıda və Naxçıvanda Zərifə Əliyevanın adına küçə salınıb.