04.10.2023

Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş Özbəkistan-Azərbaycan səhiyyə dekadası öz fəaliyyətinə başlayıb

Daşkənddə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Özbəkistan-Azərbaycan səhiyyə dekadası öz fəaliyyətinə başlayıb.


Həkimlər briqadası üzvlərindən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin oftalmoloq-cərrahları dr. Pirmətov Məhərrəm və dr. Rəcəbli Rövşən xəstələri müayinə etmiş, o cümlədən əməlliyatlar üçün ilkin baxışlar həyata keçirmişdirlər. 


Bu dekada çərçivəsində Özbəkistanın ixtisaslaşmış tibb mərkəzləri və aparıcı regional tibb müəssisələrində birgə yüksək texnologiyalı əməliyyatlar, təlimlər, minimal invaziv cərrahiyyə, oftalmologiya, onkologiya, ginekologiya və digər istiqamətlər üzrə konsultasiyalar keçiriləcək.


Özbəkistan-Azərbaycan səhiyyə dekadası sektorun inkişafında yeni imkanlar yaradacaq. Belə ki,  səhiyyə sisteminin rəqəmsallaşdırılması, əczaçılıq, xalq təbabəti, tibb təhsili və elmi sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunacaq. 


Son olaraq, tədbir çərçivəsində 11 oktyabr tarixində səhiyyə sahəsində Özbəkistan-Azərbaycan səhiyyə forumu həyata keçiriləcək və həmin tarixdə də səhiyyə dekadası yekunlaşacaq.