05.10.2023

Azərbaycan Səhiyyə Nazirliyinin həkim mütəxəssisləri özbəkistanlı həmkarları ilə birgə “Özbəkistan-Azərbaycan Səhiyyə Dekadası” çərçivəsində tibbi əməliyyatlar aparırlar

Daşkənddə Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan və Özbəkistan Səhiyyə Nazirliklərinin təşkilatçılığı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Özbəkistan-Azərbaycan Səhiyyə Dekadası" davam edir.


Dekada çərçivəsində Azərbaycan Səhiyyə Nazirliyinin və digər səhiyyə müəssisələrinin 14 yüksək ixtisaslı həkimləri Özbəkistanlı həmkarları ilə birgə əhaliyə mütərəqqi tibbi avadanlıqlar vasitəsilə, yüksək peşəkarlıqla müxtəlif əməliyyatlar icra edirlər.
Göstərilən tibbi xidmətlərin maksimum geniş əhatə olunması məqsədilə əməliyyatlar ölkənin müxtəlif regionlarında həyata keçirilir. Belə ki, cərrahi əməliyyatlar paytaxt Daşkəndlə yanaşı, Özbəkistanın Səmərqənd, Xarəzm, Buxara, Nəvai və digər bölgələrində aparılır. 


İcra edilən tibbi əməliyyatlarının istiqamət və çesid xəritəsi da genişdir. Tibbi prosedurlar neonatal minimal invaziv cərrahiyyə, uşaq ürək cərrahiyyəsi, transplantologiya, minimal invaziv laparoskopik və histeroskopik cərrahiyyə, travmatologiya və ortopediya, onkologiya və oftalmologiya kimi sahələri əhatə edir. 


Qeyd edək ki, Daşkənd, Səmərqənd, Cizak və Sırdərya vilayətlərində uşaq ürək cərrahiyyəsi, transplantologiya əməliyyatları artıq uğurla başa çatıb. 


Eyni zamanda, Sırdərya və Buxara vilayətlərində oftalmologiya və gözün mikrocərrahiyyəsi prosedurları da icra olunub. Səmərqənd, Buxara və Nəvai vilayətlərində travmatologiya və ortopediya,  Namangəh və Xarəzm vilayətlərində isə onkologiya, oftalmologiya kimi əməliyyatlar həyata keçirilib.  Bundan əlavə, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin oftalmoloq-cərrahları dr. Rəcəbli Rövşən  və dr. Pirmətov Məhərrəm Buxara şəhərində 9 katarakta əməliyyatını uğurla icra edib. Əməliyyatları əsasən monokulus (yalnız tək gözü olan), qlaukomalı, fakodonezizli ağır xəstələr təşkil edirdi.  Bu barədə dr. Pirmətov Məhərrəm yerli telekanala müsahibə də verib. 


Həmçinin, bud-çanaq total endoprotez, diz oynağının total artoplastikası, böyrək transplantasiyası, skolioz deformasiyası və digər mürəkkəb əməliyyatlar da müsbət nəticələrlə tamamlanıb. 


Oktyabr ayının 11-ə kimi davam edəcək "Özbəkistan-Azərbaycan Səhiyyə Dekadası" çərçivəsində 100-dən artıq birgə cərrahi əməliyyatlarının icrası planlaşdırılır. 


Bu layihə iki qardaş ölkənin səhiyyə sahəsindəki əlaqələrinin yeni müstəviyə keçirir. Birgə əməliyyatlar iki ölkənin səhiyyə potensialının gücləndirilməsinə və praktiki tibbi təcrübə mübadiləsinin keyfiyyətcə yeni istiqamətdə inkişafına şərait yaradır. Həmçinin, vahid məkanda birgə əməliyyatların real vaxt rejimində aparılması, səhiyyə və tibbi peşəkarlığın artırılmasına xidmət edir.


"Özbəkistan-Azərbaycan Səhiyyə Dekadası" çərçivəsində icra olunan birgə cərrahi əməliyyatlar səhiyyə sahəsində uğurlu bir tarixin başlanğıcıdır