07.09.2023

Azərbaycan Gənc Oftalmoloqlarının I Forumu

Azərbaycan Gənc Oftalmoloqlarının I Forumunu XV Azərbaycan Gənc Oftalmoloqlar Konfransından sonra, 25 noyabr 2023-cü il tarixdə, günün ikinci yarısı keçirməyi nəzərdə tutmuşuq. İlk dəfə belə formatda təşkil ediləcək tədbirin əsas məqsədi gənc mütəxəssislərin qarşılaşdığı problemləri dinləmək, beynəlxalq oftalmoloji aləmdə gənclərin professional inkişafına yönəlmiş faydalı resursları onların diqqətinə çatdırmaq, praktik oftalmologiyada kövrək addımlarını atan gənc oftalmoloqlara bu sahədə artıq sözünü demiş, müəyyən bilik və təcrübəyə malik mütəxəssislərlə fikir mübadiləsinin həyata keçirmək üçün şəraitin yaradılmasından ibarətdir.

Azərbaycan Gənc Oftalmoloqlarının I Forumu Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin Gənc Oftalmoloqlar Komitəsinin koordinatoru Dr. Emin Əlihüseynlinin təşəbbüsü və Akademik Z. Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, t.e.d. Prof. Elmar Qasımovun dəstəyi ilə təşkil ediləcək.

3 saat davam edəcək tədbirdə gənc oftalmoloqların diqqətini çəkəcək müxtəlif mövzular üzrə interaktiv müzakirələrin keçirilməsi nəzərdə tutulub. Forumda t.ü.f.d. Dr. Mirana Mirişova, Dr. İnarə Hacı, Dr. Lalə Məmmədova, Dr. Pərvin Ağayeva, Dr. Xuraman Ramazanova, Dr. Emin Ərəbov və Dr. Günel Məmmədova gənc oftalmoloqların marağına səbəb olacaq müxtəlif xarakterli mövzularla çıxışlar edəcəklər.